Hazırda paytaxt məktəblərində 285 “Kiçik Akademiya” fəaliyyət göstərir
Bu gun Azərbaycanda elmlə təhsilin vəhdətini təmin etmək, istedadlı şagirdlərin bilik və bacarıqlarını aşkara çıxarmaq məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də orta məktəblərdə yaradılan “Kiçik Akademiya”lardır. “Kiçik Akademiya”lar həm də şagirdlərin ilk təcrübə laboratoriyasıdır. Yeri gəlmişkən, hazırda paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə "Kiçik Akademiya”ların yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, məktəblilərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş apara bilmək məqsədilə ümumi təhsil məktəblərində "Kiçik Akademiya”lar fəaliyyət göstərir. "Kiçik Akademiya”ların bütün ümumi təhsil məktəblərində yaradılması və fəaliyyət göstərməsi nəzərdə tutulub. Akademiya daxilində hansı bölmənin fəaliyyət göstərməsi isə məktəblərin öz seçimidir. Akademiyaya üzvlük könüllü olaraq qəbul edilir. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən Akademiyaya üzv ola bilərlər. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və "Kiçik Akademiya”nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri var. Eyni zamanda, seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini artırır və ünsiyyət və davranış qaydalarına riayət etməklə, digər şagirdlərə bir nümunə göstərirlər. "Kiçik Akademiya” üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər. Orta məktəblərdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin yetişdirilməsində və onların əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır. Şagirdlərin dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq qabiliyyətinin və bacarığının formalaşdırılmasında bu şərtə riayət edilməsi vacib pedaqoji üsullardan sayılır.
"Kiçik Akademiya”nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir.
Mütəxəssislər hesab edirlər ki, Akademiya üzvlərinin həyata keçirdiyi işlərdə müəllimlərin və valideynlərin də böyük dəstəyi olur. Tədqiqat işlərində müəllimlər şagirdi yönəldir, valideynlərsə şagirdin apardığı araşdırmalar zamanı onları motivasiya edir, mənəvi dəstək olurlar.
Xatırladaq ki, elm və təhsildə nəsillərarası güclü əlaqəni təmin etmək məsələsi qarşıda duran mühüm vəzifələrdən sayıldığından dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər də təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini gücləndirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcək. Eyni zamanda, Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də deyilir ki, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görülməli, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdirilməlidir.
Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında da elm və təhsil sisteminin inkişafına və qarşılıqlı inteqrasiyasına hesablanan müddəalar var. Sənəddə vurğulanıb ki, müasir təhsil sisteminin formalaşdırılması üçün 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaq. Eyni zamanda, təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcək.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib ki, "KiçikAkademiya” ların fəaliyyət göstərməsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması baxımından önəmli rol oynayır: “Bu məsələ vaxtilə ölkə Prezidentinin imzaladığı “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sənəddə öz əksini tapmışdı. Həmin Akedimiyalarla bağlı nümunəvi əsasnaməni də mən harzırlamışdım. Həmin sənəd beynəlxalq təcrübəyə əsasən hazırlanıb. Sənədi hazırlayarkən müxtəlif ölkələrin təcrübəsini araşdırmışdım. Deyim ki, “Kiçik Akademiya”lar əksər ölkələrdə fəaliyyət göstərir. Məsələn, qonşu Rusiyada bütün məktəblərdə bu Akademiyalar mövcuddur. "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, məktəblilərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş apara bilmək məqsədilə bu akademiyalar yaradılıb. Etiraf edək ki, bütün məktəblərdə "Kiçik Akademiya”lar keyfiyyətli fəaliyyət ortaya qoya bilmir. Bəzi məktəblərdə bu Akademiyaların sadəcə adı var. Halbuki məktəblərdəki Akademiyalar həm də gələcəkdə Azərbaycanın elm potensialının gəncləşməsində mühim rol oynaya bilər. Bu baxımdan ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilməsi müsbət addımdır. Hesab edirəm ki, bu gələcəkdə “Kiçik Akademiya”ların daha səmərəli fəaliyyətinə imkan yaradacaq”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında məntiqi təfəkkürün inkişafı çox mühüm amildir: “Təbii ki, bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Ümümi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi Azərbaycan Respublikası prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsi”ndə xüsusi olaraq vurğulanıb. Bugünkü təhsil şagirdlərə təkcə bilik vermək deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında məntiqi təfəkkürün inkişafı çox mühüm amildir. Bu isə öz növbəsində fəal təlim metodlarından istifadə etməklə, şagirdlərin idrak fəallığının artırırılmasını, onları düşündürməyə, müstəqil qərarlar çıxarmağa yönəltməyi zəruri edir”.